ITAC və Mingəçevir Dövlət Universiteti əməkdaşlığa başladı.
Görüşlər və Əməkdaşlıqlar
06 Jun 2025
Mayın 8-də Mingəçevir Dövlət Universitetində (MDU) təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və dil bacarıqlarının inkişafı məqsədilə "Cambridge University Press & Assessment"ın Azərbaycandakı rəsmi imtahan mərkəzi ITAC ilə əməkdaşlıq protokolu imzalanıb və Kembric Resurs Mərkəzi açılıb.
MDU rektoru Anar Eminov "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində bu əməkdaşlığın universitetin beynəlmiləlləşmə strategiyasının bir hissəsi olduğunu vurğulayıb. O, tələbə və müəllimlərin ingilis dili bacarıqlarının artırılması və tədrisin beynəlxalq standartlara uyğunlaşdırılması üçün ITAC ilə əməkdaşlığa başladığını bildirib. Tələbə və müəllimlər TKT, IELTS və "Cambridge English Qualifications" imtahanlarına hazırlıq üçün ödənişsiz təlimlərdə iştirak edəcək və yüksək nəticə göstərənlər Londonda Yay məktəbində kurslara qatılacaqlar.
A.Eminov əlavə edib ki, yeni Kembric Resurs Mərkəzi region üçün də əhəmiyyətli olacaq və MDU bu mərkəz vasitəsilə təhsil müəssisələrinə dəstək verəcək.
ITAC direktoru Həsrət Şıxbabayev bildirib ki, MDU ilə əməkdaşlıq Kembric modelinə əsaslanan tədrisin regiona inteqrasiyasını təmin edəcək. İngilis dili müəllimliyi və iqtisadiyyat fakültələrinin tələbələri Kembric tədris modelinə uyğun mərhələlərə bölünəcək və beynəlxalq imtahanlara hazırlıq proqramlarında iştirak edəcəklər. Müəllimlər üçün də təlimlər və seminarlar təşkil olunacaq.
O, həmçinin MDU-da rəsmi Kembric imtahanlarının təşkili və Beynəlxalq İngilis Dili Olimpiadasının keçirilməsi təşəbbüsünün müzakirə edildiyini qeyd edib.
MDU-nun Xarici dillər kafedrasının müəllimi Lalə Rüstəmova isə bu təşəbbüsün tələbə və müəllimlər üçün yeni imkanlar yaratdığını bildirib. O, Kembric sillabusuna uyğun hazırlıq proqramlarının universitetin tədris sisteminə inteqrasiya olunacağını və regionun təhsil inkişafına töhfə verəcəyini vurğulayıb.